Məxfilik siyasəti
Bu sənəd Educora-nın hansı məlumatları topladığını, nə üçün topladığını, kimlə paylaşdığını və sənin hansı hüquqların olduğunu sadə dillə izah edir. Nəsə aydın deyilsə, bizə yaz — izah edərik.
Qısaca
- Hesab üçün adını, e-poçtunu, doğum ilini və öyrənmə irəliləyişini saxlayırıq — yalnız Educora işləsin deyə.
- Reklam yoxdur, məlumatlarını satmırıq, izləmə çərəzlərindən (cookies) istifadə etmirik.
- Hesab məlumatların Avropa İttifaqında — Almaniyada (Frankfurt) Supabase serverlərində saxlanılır.
- Qeyd dəftərlərin, kart dəstlərin və zehin xəritələrin sənin cihazında qalır; qeyd dəftərində Google Drive-ı qoşsan, dəftərlər həm də öz Google Drive-ında saxlanılır.
- 18 yaşından kiçiksənsə, valideyninin və ya qəyyumunun razılığı lazımdır.
- Məlumatlarını istənilən vaxt yükləyə (Parametrlər → «Məlumatlarımı yüklə») və hesabını silə bilərsən.
1Educora-nı kim idarə edir
Educora-nı Tofiq Hüseynzadə Rəşad oğlu idarə edir . Qanunun dili ilə: o, sənin fərdi məlumatlarının sahibidir — məlumatların nə üçün və necə işləndiyinə qərar verir və buna cavabdehdir.
Məxfiliklə bağlı sual və müraciətlər üçün: husseynzadeh.tofig@gmail.com. Avropa İttifaqında və Türkiyədə ayrıca nümayəndəmiz yoxdur.
2Hansı məlumatları toplayırıq və nə üçün
Yalnız xidmət üçün lazım olanı toplayırıq. Hər qrupun yanında nə üçün lazım olduğunu yazmışıq.
- Hesab: ad, e-poçt ünvanı, şifrə (yalnız heş şəklində — onu heç kim, biz də görə bilmirik), qeydiyyat və son giriş vaxtı, interfeys dili. Nə üçün: hesabı yaratmaq, daxil olmağını təmin etmək, şifrəni bərpa etmək.
- Google ilə daxil olsan: Google bizə adını, e-poçtunu və profil şəklinin linkini verir. Google-dakı şifrəni görmürük.
- Apple ilə daxil olsan (iOS tətbiqində): Apple bizə e-poçtunu (e-poçtunu gizlətməyi — Hide My Email — seçsən, Apple-ın gizli relay ünvanını) və yalnız ilk dəfə adını verir. Apple-dakı şifrəni görmürük. Hesabını siləndə Educora-nın Apple girişini ləğv edə bilək deyə Apple-ın verdiyi giriş açarını (token) saxlayırıq.
- Google Drive (yalnız qeyd dəftərində özün qoşsan): dəftərlərin sənin öz Drive-ına yazılır; bizim serverlərə heç nə gəlmir. Ətraflı — aşağıda «Google Drive» bölməsində.
- Profil cavabları: kim olduğun (məktəbli, tələbə, böyük, müəllim), sinfin, ixtisas sahən və kursun, öyrənmə məqsədin, seçdiyin fənlər, gündəlik hədəfin; müəllimlər üçün — tədris etdiyi fənlər və siniflər, istəsə məktəbi və şəhəri. Nə üçün: sənə uyğun dərsləri və planı göstərmək.
- Yaş və razılıq: doğum ilin (yalnız il), qəbul etdiyin şərtlərin versiyası və vaxtı; 18 yaşından kiçiksənsə, valideyninin (qəyyumunun) e-poçtu və onun cavabı. Nə üçün: qanunun tələb etdiyi razılığı almaq və sonra bunu sübut edə bilmək.
- Öyrənmə irəliləyişi: bitirdiyin dərslər, test və imtahan nəticələri (özünü qiymətləndirmən də), səhv cavab verdiyin suallar (təkrar üçün), XP, seriya, son 120 gündə öyrənmə vaxtın, nişanlar, imtahan hədəfin və tarixi, həftəlik planın, səviyyə testlərinin nəticələri, səsləndirmə sürəti. Nə üçün: irəliləyişini bütün cihazlarında saxlamaq, plan qurmaq, səhvlərini təkrarlatmaq.
- Educora Studio (yalnız istifadə etsən): müəllimin sinfinə kodla qoşulanda — sinifdəki adın və irəliləyişinin qısa xülasəsi; valideyninə ailə kodu versən — eyni xülasə; müəllimin yaratdığı siniflər və tapşırıqlar; valideyn həftəlik hesabatı açsa — onun seçimləri (gün, saat, dil, e-poçt və ya Telegram). Nə üçün: müəllimin və valideynin irəliləyişini görməsi — yalnız sən özün paylaşanda.
- Müəllim təsdiqi (yalnız müəllimlər): tam ad, məktəb, şəhər, fənlər, siniflər, istəsə telefon nömrəsi, iş yerindən arayış və ya müəllim vəsiqəsinin şəkli (JPEG və ya PDF). Nə üçün: real sinifləri yalnız həqiqi müəllimlərə açmaq və şagirdləri qorumaq. Sənədi yalnız Educora əməkdaşları görür və o, yoxlamadan dərhal sonra silinir.
- «Səhv tapdım» bildirişləri: səhvin növü, yazdığın mətn, seçdiyin dərs parçası, səhifə və sual, dil, platforma, versiya; hesabının identifikatoru (bildiriş göndərmək üçün hesaba daxil olmaq lazımdır; gündəlik limit də hesaba görədir). Nə üçün: dərslərdəki səhvləri düzəltmək. Mesaja şəxsi məlumat yazma.
- Canlı viktorina: qoşulanda yazdığın ləqəb və cavabların oyun zamanı aparıcıya (adətən müəllimə) çatır. Onlar verilənlər bazasında saxlanılmır; aparıcı nəticələri öz cihazına yükləyə bilər.
- Canlı görüşlər (yalnız istifadə etsən): görüşün adı, vaxtı, sinfi və yaradan; kimlərin, nə vaxt qoşulub çıxdığı (davamiyyət); görüşdə adın Educora hesabından götürülür. Səs, görüntü, paylaşdığın ekran, söhbət mesajları, reaksiyalar və lövhədəki yazılar yazılmır və serverdə saxlanılmır — onlar yalnız zəng zamanı iştirakçılara çatır. Nə üçün: görüşü keçirmək, sinfin müəlliminə davamiyyəti göstərmək və uşaqları qorumaq.
- Görüşdə «Problem bildir» göndərsən: kimin haqqında olduğu, problemin növü, yazdığın mətn və (istəsən) söhbətin son mesajları. Nə üçün: Educora əməkdaşları yoxlasın və tədbir görsün.
- Texniki məlumatlar: sayta və serverlərə müraciət edəndə IP ünvanın, brauzerin, açılan səhifə və vaxt server jurnallarına yazılır. Nə üçün: xidməti işlətmək, xətaları və sui-istifadəni aşkarlamaq.
Bundan başqa heç nə toplamırıq: məkanını və kontaktlarını götürmürük. Kamera və mikrofon yalnız sən özün şəkil çəkəndə, danışıq tapşırığında səsini yazanda və ya canlı görüşdə onları açanda işləyir; şəkillər və səs yazıları cihazında qalır, görüşdə isə səs və görüntü yalnız zəng zamanı digər iştirakçılara gedir.
3Cihazında qalan məlumatlar və çərəzlər
Educora reklam və ya izləmə çərəzlərindən istifadə etmir. Sayt işləsin deyə brauzerin yaddaşından istifadə edir — bu, xidmət üçün mütləq lazımdır:
- localStorage: giriş sessiyası, irəliləyişinin surəti (sayt tez açılsın və internetsiz işləsin deyə), mövzu, dil və digər seçimlər, köməkçi söhbətinin son mesajları, göndərilməyi gözləyən «Səhv tapdım» bildirişləri.
- IndexedDB: qeyd dəftərləri, kart dəstləri, zehin xəritələri, qrafiklər və canlı viktorina sual dəstləri. Bunlar bu cihazda saxlanılır və bizim buluda göndərilmir; qeyd dəftərində Google Drive-ı qoşsan, dəftərlər həm də öz Google Drive-ına yazılır (aşağıda «Google Drive»). Brauzer məlumatlarını təmizləsən, cihazdakı nüsxə silinir — lazım olsa, əvvəlcə öz alətlərindən ixrac et.
- Keş (service worker): açdığın səhifələr, internetsiz istifadə üçün yüklədiyin fənlər və alətlərin proqram faylları.
- Şəkildən mətn tanıma, PDF açma, Python və SQL kodunun işə salınması, esse təhlili cihazında baş verir — şəkillərin və faylların serverə göndərilmir. Bunun üçün lazım olan proqramlar saytın öz serverindən, Python paketləri və mətn tanıma üçün dil faylları isə jsDelivr-dən yüklənir.
- Səsləndirmə brauzerin (və ya telefonun) öz səs mühərriki ilə işləyir. Bəzi «onlayn» səslər (məsələn, Chrome və Edge-də) dərs mətnini səsə çevirmək üçün brauzerin istehsalçısına göndərir; Educora özü heç nə göndərmir.
- Statistika və xəta hesabatı xidmətləri hazırda qoşulmayıb. Qoşsaq, onları yalnız sənin razılığınla işə salacağıq və bu siyasəti yeniləyəcəyik.
- Android tətbiqi: sessiya açarları Android Keystore ilə şifrələnir. Telefonda ehtiyat nüsxə (backup) açıqdırsa, Android tətbiqin digər məlumatlarını (irəliləyiş, seçimlər) sənin Google hesabındakı ehtiyat nüsxəyə köçürə bilər. Tətbiq xatırlatmalar üçün bildiriş, danışıq tapşırığı üçün isə (istəsən) mikrofon icazəsi istəyir. Tətbiqdə reklam və ya analitika modulu yoxdur.
4Hansı əsasla işləyirik
- Razılıq. Qeydiyyatda şərtləri qəbul edib məlumatlarının bu siyasətdə yazıldığı kimi işlənməsinə razılıq verirsən; 18 yaşından kiçiklər üçün bu razılığı valideyn və ya qəyyum verir. Azərbaycan qanunvericiliyinə görə («Fərdi məlumatlar haqqında» Qanun, maddə 8) bizim əsasımız budur. İstəyə bağlı funksiyalar (həftəlik hesabat, statistika, xəta hesabatları) yalnız ayrıca razılığınla işləyir.
- Müqavilə. Avropa İttifaqında (GDPR, maddə 6(1)(b)) və Türkiyədə (KVKK, maddə 5(2)(c)) hesab və öyrənmə məlumatların bu şərtlərə əsasən sənə xidmət göstərmək üçün işlənir.
- Qanuni maraq. Xidmətin təhlükəsizliyi, sui-istifadənin qarşısının alınması, dərslərdəki səhvlərin düzəldilməsi və müəllimlərin yoxlanılması — şagirdləri qorumaq üçün (GDPR 6(1)(f), KVKK 5(2)(f)).
- Qanuni öhdəlik. Razılığın sübutunu saxlamaq və dövlət orqanlarının qanuni sorğularına cavab vermək.
Razılığını istənilən vaxt geri götürə bilərsən; bu, ondan əvvəlki işləmənin qanuniliyinə təsir etmir. Hesab üçün lazım olan məlumatlar olmadan Educora-dan istifadə etmək mümkün deyil; istəyə bağlı funksiyalardan isə istifadə etməyə də bilərsən.
5Uşaqlar və valideynlər
Educora-dan çox məktəbli istifadə edir, ona görə uşaqların məlumatlarına xüsusi diqqət yetiririk.
- Qeydiyyatda doğum ilini soruşuruq. 18 yaşından kiçiksənsə, valideyninin və ya qəyyumunun e-poçtunu yazırsan və onun razı olduğunu təsdiq edirsən. Yalnız ili bildiyimiz üçün 18 yaşının tamam olduğu il də hələ «kiçik» sayılır.
- Valideynə razılığını təsdiq etmək üçün linki olan məktub göndərəcəyik (bu məktublar tezliklə işə düşəcək). Təsdiq gələnə qədər hesabda «Valideyn təsdiqi gözlənilir» yazılır, öyrənmə isə dayanmır.
- Valideyn razı olmasa, linkdəki düymə ilə hesab və onun bütün məlumatları dərhal silinir. Razılıq verən valideyn onu sonra eyni linklə və ya bizə yazaraq geri götürə bilər.
- Valideyn və ya qəyyum uşağın məlumatlarını görmək, düzəltmək, yükləmək və ya silmək istəsə, husseynzadeh.tofig@gmail.com ünvanına yazsın — kimliyini yoxladıqdan sonra kömək edəcəyik.
- Educora Studio-da valideyn yalnız uşağın verdiyi ailə kodu ilə onun irəliləyişinin xülasəsini görür.
- Canlı görüşlər: 18 yaşından kiçiklər yalnız öz sinifləri və ailələri üçün görüş yarada bilər; sinif görüşünə yalnız sinfin müəllimi, şagirdləri və onların valideynləri qoşula bilər, keçid ilə görüşdə isə hər kəs gözləmə otağından keçir və aparıcı qəbul edir. Görüşlər yazılmır, adlar hesabdan götürülür, aparıcı iştirakçını çıxara və görüşü kilidləyə bilər.
- Uşaqlar üçün reklam, marketinq profili və davranış izləməsi yoxdur.
7Google Drive (qeyd dəftəri)
Qeyd dəftərində «Google Drive-ı qoş» seçsən, dəftərlərin öz Google Drive-ındakı «Educora» qovluğunda saxlanılır və cihazların arasında sinxronlaşır. Bu, istəyə bağlıdır: qoşmasan, dəftərlər yalnız cihazında qalır. E-poçtla və ya Google ilə daxil olmağından asılı olmayaraq qoşa bilərsən.
- İcazə yalnız «drive.file»dir: Educora yalnız özünün yaratdığı fayllara baxır və onları dəyişir; Drive-ındakı başqa fayllara baxa bilmir.
- Drive-a yazılanlar: hər dəftər üçün bir qovluq, dəftərin oxunaqlı PDF nüsxəsi, dəftərə əlavə etdiyin şəkillər və PDF faylları, bir də sinxronizasiya üçün məlumat faylı (.educora). Fayllar sənin Drive-ında qalır; Educora onları öz serverlərində (Supabase daxil) saxlamır.
- Fayllar sənin brauzerindən birbaşa Google-a gedir. Educora Google girişini saxlamır: brauzer bir saatlıq giriş açarı (token) alır və o yalnız açıq səhifənin yaddaşında olur; təzələmə açarı və müştəri sirri yoxdur. Cihazında yalnız «qoşulub» qeydi və Google hesabının e-poçtu (həmin hesabı yenidən seçmək üçün) saxlanılır.
- Dəftərdə «Ayır» düyməsi Google-da Educora-nın girişini ləğv edir; heç nə silinmir — nə Drive-dakı fayllar, nə cihazdakı dəftərlər. Girişi Google hesabında da silə bilərsən: myaccount.google.com/connections.
Educora-nın Google API-lərindən aldığı məlumatlardan istifadəsi və onları başqa tətbiqlərə ötürməsi Google API Services User Data Policy-yə (https://developers.google.com/terms/api-services-user-data-policy), o cümlədən «Limited Use» (məhdud istifadə) tələblərinə uyğundur. Bu məlumatlardan yalnız dəftərlərini cihazların arasında saxlamaq və sinxronlaşdırmaq üçün istifadə edirik: onları reklam üçün işlətmirik, satmırıq, başqalarına vermirik, süni intellekt modellərini öyrətmək üçün istifadə etmirik və insanlar onları oxumur (sən açıq razılıq versən, təhlükəsizlik və ya qanun tələb etsə istisna olmaqla).
8Məlumatlar harada saxlanılır
Hesab məlumatların Supabase Inc.-in (ABŞ) Frankfurtdakı (Almaniya, Avropa İttifaqı) məlumat mərkəzində saxlanılır. Supabase-in bəzi alt-icraçıları texniki dəstək üçün başqa ölkələrdən, o cümlədən ABŞ-dan məlumata çata bilər; bu, Avropa Komissiyasının Standart Müqavilə Şərtləri ilə qorunur.
Educora Azərbaycandan idarə olunur və xidməti işlətmək üçün məlumatlara Azərbaycandan baxırıq. Azərbaycandan Avropa İttifaqına ötürmə üçün: hesab edirik ki, Aİ (GDPR) məlumatları ən azı Azərbaycan qanunu səviyyəsində qoruyur; bundan əlavə, şərtləri qəbul edəndə bu ötürməyə razılıq verirsən («Fərdi məlumatlar haqqında» Qanun, maddə 14.3).
Aİ-də yaşayanlar üçün: Azərbaycan barədə Avropa Komissiyasının «adekvatlıq qərarı» yoxdur; məlumatlarını özün birbaşa bizə verirsən və biz GDPR qaydalarını tətbiq edirik. Türkiyədə və Rusiyada yaşayanların məlumatları da Almaniyada saxlanılır — bu ölkələrdə serverimiz yoxdur. Qoruma tədbirlərinin surətini istəsən, göndərərik.
9Nə qədər saxlayırıq
- Hesab və öyrənmə məlumatları — hesab mövcud olduqca. Hesabı silən kimi verilənlər bazasından silinir; ehtiyat nüsxələrdə qısa müddət qala bilər və növbəti nüsxələrlə əvəzlənir.
- Apple giriş açarı (token) — hesab mövcud olduqca; hesabı silən kimi Apple-da ləğv edilir və silinir (Apple-a çatmaq mümkün olmasa, ən çoxu 30 gün yenidən cəhd edirik).
- 24 ay girilməyən hesabı (mümkün olsa, əvvəlcə e-poçtla xəbərdarlıq edib) silə bilərik.
- Doğum ili, razılıq və valideyn məlumatları — hesabla birlikdə; valideyn razı olmasa, dərhal silinir.
- Müəllim sənədi — yoxlamadan dərhal sonra silinir; sorğunun özü (ad, məktəb, nəticə) hesab mövcud olduqca qalır.
- Sinif üzvlüyü və paylaşılan xülasə — sinifdən çıxana, müəllim sinfi silənə və ya hesabını silənə qədər.
- Həftəlik hesabat ayarları — abunəlikdən çıxana və ya hesabı silənə qədər.
- Canlı görüşlər və davamiyyət — görüş bitəndən 1 il sonra avtomatik silinir (aparıcı daha tez silə bilər); söhbət mesajları ümumiyyətlə saxlanılmır. Görüşdəki «Problem bildir» bildirişləri yoxlama bitənə qədər saxlanılır.
- «Səhv tapdım» bildirişləri — səhv yoxlanılana qədər, ən çoxu 12 ay. Hesabını silsən, bildirişlə hesabın arasındakı əlaqə dərhal silinir.
- Server jurnalları (IP ünvanları) — xidmət təchizatçılarının qısa saxlama müddəti qədər.
- Cihazındakı məlumatlar — sən silənə qədər (brauzer məlumatlarını təmizləyəndə və ya tətbiqi siləndə).
10Hüquqların və onlardan necə istifadə etmək
Sənin (18 yaşından kiçiksənsə, valideyninin də) hüququn var:
- məlumatlarının olub-olmadığını, nə üçün, necə və kim tərəfindən işləndiyini bilmək və onların surətini almaq — Parametrlər → «Məlumatlarımı yüklə» (JSON faylı);
- səhv məlumatı düzəltmək — çoxunu Parametrlərdə özün dəyişə bilərsən;
- məlumatlarını sildirmək — Parametrlər → «Hesabı sil» (saytda və tətbiqdə);
- razılığını geri götürmək, işləməyə etiraz etmək və onu qadağan etmək — etirazdan sonra işləməni dərhal dayandırırıq (bu, adətən hesabın silinməsi deməkdir);
- məlumatlarını başqa xidmətə aparmaq üçün maşınla oxunan formatda (JSON) almaq;
- şikayət etmək — bizə, nəzarət orqanına və ya məhkəməyə.
Hüququndan istifadə etmək üçün husseynzadeh.tofig@gmail.com ünvanına yaz (hesabının e-poçtundan yazsan, kimliyini daha tez yoxlayarıq). Azərbaycan qanunu şəxsiyyət vəsiqəsi ilə yazılı müraciəti və ya gücləndirilmiş elektron imzalı elektron müraciəti də nəzərdə tutur. Bu, ödənişsizdir. 7 iş günü ərzində cavab veririk (başqa tərəflə məsləhətləşmək lazım olsa, daha 7 iş günü).
Nəzarət orqanları: Azərbaycanda — Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti; Avropa İttifaqında — yaşadığın ölkənin məlumatların mühafizəsi orqanı; Türkiyədə — Kişisel Verileri Koruma Kurumu; Rusiyada — Roskomnadzor.
Avtomatlaşdırılmış qərarlar: Educora sənin haqqında hüquqi və ya oxşar ciddi nəticəsi olan avtomatik qərar vermir. Dərs tövsiyələri və öyrənmə planı irəliləyişinə görə avtomatik hazırlanır, amma onlar yalnız məsləhətdir.
11Təhlükəsizlik
- Bütün əlaqə şifrələnmiş HTTPS (TLS) ilə gedir.
- Şifrələr açıq şəkildə saxlanılmır — Supabase onları heş (bcrypt) şəklində saxlayır.
- Verilənlər bazasında hər istifadəçi yalnız öz məlumatlarını görür (sətir səviyyəsində təhlükəsizlik); müəllim və valideyn yalnız onlarla paylaşılan xülasəni görür.
- Müəllim sənədləri bağlı saxlama yerindədir və yoxlamadan sonra silinir. Əməkdaşların girişi məhduddur.
- Android tətbiqində sessiya açarları şifrələnir (Android Keystore).
Heç bir sistem tam təhlükəsiz deyil. Məlumat sızması baş verərsə, qanunun tələb etdiyi müddətdə nəzarət orqanlarına, sənin üçün risk olduqda isə sənə də xəbər verəcəyik.
12Dəyişikliklər
Bu siyasəti yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər barədə saytda və tətbiqdə xəbər verəcəyik, lazım olsa, razılığını yenidən soruşacağıq. Versiya və tarix səhifənin yuxarısında yazılıb.
Siyasət Azərbaycan, ingilis, rus və türk dillərindədir. Mətnlər arasında fərq olarsa, Azərbaycan dilindəki mətn əsas götürülür.
13Əlaqə
Sual, müraciət və ya şikayət üçün: husseynzadeh.tofig@gmail.com. Operator: Tofiq Hüseynzadə Rəşad oğlu.